Markus Raşford MY-dən ayrılacağı ilə bağlı şayiələri cavabladı

“Mançester Yunayted”in ingiltərəli hücumçusu Markus Raşford klubu tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibətini açıqlayıb.

Arena.az xatırladır ki, daha əvvəl Raşfordun, yanvar ayında bir razılaşma əldə etmək ümidi ilə aparıcı idman agentliyi “Stellar” ilə danışıqlar apardığı haqda məlumat yayılıb.

“Son bir neçə həftə ərzində çoxlu yalan hekayələr uydurulub, amma uşaqlar, bu getdikcə əndazəsini aşır. Bu, sadəcə olaraq saçmadır – mən heç vaxt heç bir agentliklə görüşməmişəm. Belə etmək fikrim də yoxdur”, – Raşford özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Raşford cari mövsümdə “qırmızı şeytanlar” üçün bütün yarışlarda 24 oyun keçirib, 7 qol və 3 məhsudlar ötürmə ilə fərqlənib.
Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə 426 oyun, 138 qol və 63 məhsuldar ötürmədən ibarətdir.

İngilis hücumçu “Mançester Yunayted”lə Avropa Liqasının (2016/2017), İngiltərə Kubokunun (2016, 2024), İngiltərə Liqa Kubokunun (2017, 2023), İngiltərə Super Kubokunun (2016/2017) qalibi olub. Raşford 2019/2020-ci və 2022/2023-cü illər mövsümlərində “Mançester Yunayted”də ilin futbolçusu seçilib.

Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 60 oyuna, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı ingiltərəli sol cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın