Markus Türam: “Mən “İnter”i tərk etməyəcəyəm”

“İnter”in fransalı mərkəz hücumçusu Markus Türam “neradzurri”nin düşərgəsini tərk etmək niyyətində olmadığını bildirib.

Arena.az “FC Inter News” dərgisinə istinadən məlumat verir ki, Türam bu barədə müqaviləsindəki 85 milyon avro məbləğində sərbəstqalma maddəsinin ödəniləcəyi halda, bunu “İnter” rəhbərliyi ilə müzakirə etmədən klubu tərk etməyə hazır olub-olmaması haqda sual müqabilində belə cavab verib:

“Bu, çox böyük məbləğdir… Düzünü desəm, buradakı hər kəslə münasibətim olduğu üçün bu maddədən istifadə edərək heç vaxt klubu tərk etməyəcəyəm. Bu qiymət sadəcə var, amma bu qərarı təkbaşına qəbul edərək heç vaxt ayrılmayacağam. Və əgər bir məqam yaranarsa, bu, klubla həmişə müzakirə ediləcək”, deyə Türam vurğulayıb.

Markus Türam 2023-cü ilin yay transfer pəncərəsində Mönxenlqadbax “Borussiya”sından azad agent qismində “İnter”ə keçib. Türamın “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə fransalı hücumçu “neradzurri”nin heyətində 21 oyuna çıxıb, 13 qol vurub, 6 məhsuldar ötürmə verib.

Türamın “İnter” karyerası ümumilikdə 67 oyun, 28 qol və 20 məhsuldar ötürmədən ibarətdir.

Markus Türamın qənimətlər muzeyində İtaliya Super Kuboku (2023/2024) və İtaliya A Seriyası çempionluğu (2023/2024) var.

Markus Türam 2020-ci ilin noyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 29 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib. Markus “xoruzlar”la 2021 UEFA Millətlər Liqasının qalibi olub.

“Transferemarkt” intermet-portalı 27 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Markus Türam Fransa yığmasnın heyətində DÇ-98-in qalibi olmuş Lilian Türamın oğlu və “Yuventus”un yarımmüdafiəçisi Xefren Türamın böyük qardaşıdır.