“İnter”in prezidenti Cüzeppe Marotta argentinalı hücumçu Lautaro Martinesin “neradzurri”nin düşərgəsindəki gələcəyinə aydınlıq gətirib.
Arena.az xəbər verir ki, daha əvvəl mətbuatda, “İnter”in Martineslə əmək müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadacağı barədə məlumat yayılmışdı.
“Biz hər şeyə diqqətlə yanaşırıq. Əsas odur ki, hər bir futbolçuda kluba aidiyyət hissi güclü olsun ki, təcrübəsini düşərgəmizdə davam etdirmək istəsin. Bizdə vəziyyət sakitdir, indi getmək istəyən futbolçularımız yoxdur”, deyə Marotta qapalı cavabına rəğmən, əslində, vəziyyətin müəyyənlik halında olduğunu başa düşməyə imkan verib.
“İnter”in prezidenti Lautaro Martineslə yeni müqavilənin hələ də imzalamamasının səbəbini də açıqlayıb: “Lautaro ilə müqavilənin yenilənməsi demək olar ki, başa çatıb – yalnız onun imzası qalıb. O, indi Argentina yığmasının heyətində olduğu üçün bu, asan deyil. Amma müqavilə üzrə bütün digər işlər artıq yekunlaşıb”.
Xatırladaq ki, Lautaro Martines “İnter”ə 2018-ci ilin iyulunda 25 milyon avro müqabilində Avelyaneda “Rasinq”indən keçib. Martinesin “İnter”lə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib. Argentinalı hücumçu geridə qalmış 2023/2024 mövsümündə bütün yarışlarda “İnter”in heyətində 44 oyuna çıxıb, 27 qol vurub, 7 məhsuldar ötürmə verib.
Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 282 oyun, 129 qol, 43 məhsuldar ötürmə.
Martines “neradzurri” ilə 2 dəfə A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən mövsümdə isə UEFA Çempionlar Liqasının finalçısı olub.
Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 58 oyuna çıxıb, 24 qol vurub, 8 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci il Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.