Marsel Tisserand “Fənərbaxça”dan ayrıldı

Türkiyənin “Fənərbaxça” klubu müdafiəçisi Marsel Tisserand ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçunun Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna keçdiyi diqqətə çatdırılıb. Lakin ərəblərin bu keçidə görə Türkiyə klubuna nə qədər ödədiyi açıqlanmayıb. Tisserandın yeni klubu isə onunla 3 illik müqavilə imzalandığını açıqlayıb.

Konqo Demokratik Respublikasından olan Marsel Tisserand 2020-ci ilin sentyabrında Almaniyanın “Volfsburq” klubundan 4 milyon avro qarşılığında “Fənərbaxça”ya keçmişdi. O, İstanbul təmsilçisində iki mövsüm ərzində 44 oyuna çıxıb, 1 qola imza atıb.

“Monako”nun yetirməsi olan Tisserand, bu komanda ilə yanaşı, “Lans”, “Tuluza”, “İnqolştadt” və “Volfsburq”un da uğurları üçün çalışıb. O, Konqo yığmasında 34 oyun keçirsə də, fərqlənə bilməyib.