Marsel Zabitser “Mançester Yunayted”də!

Futbol üzrə Avstriya milli komandasının hücumameyilli yarımmüdafiəçisi Marsel Zabitser Almaniyanın “Bayern” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu İngiltərənin “Mançester Yunayted” klubuna transfer olunub.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Qırmızı şeytanlar” yarımmüdafiəçini bu mövsümün sonuna – 31 iyuna kimi icarəyə götürüblər.

Marsel Zabitser 2021-ci ilin avqust ayında Bundesliqanın digər təmsilçisi “Leypsiq”dən 15 milyon avro qarşılığında “Bayern”ə keçmişdi. O, Münhen təmsilçisinin heyətində meydana çıxdığı 54 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi daha öncə “Admira Vakker”, “Rapid” (Vyana), “Zalsburq” klublarının da formasını geyinib. O, Avstriya milli komandasında keçirdiyi 68 oyunda 12 qol vurub.

Yeri gəlmişkən, “Mançester Yunayted” gənc müdafiəçisi Dişon Bernardı da icarəyə göndərib. 22 yaşlı futbolçu 31 maya kimi Çempionşip təmsilçisi “Portsmut”da icarədə oynayacaq. “Qırmızı şeytanlar”ın əsas komandasında cəmi 1 oyuna çıxmış futbolçu, daha öncə “Solford Siti” və “Hall Siti”də də icarədə oynayıb.

Mançester təmsilçisi digər müdafiəçisi Aksel Tuanzebeni də “Stok Siti”yə icarəyə verib. Konqo əsilli 25 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə olacaq. O, daha öncə “Aston Villa” və “Napoli”də də icarədə oynayıb. İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu MY-də 37 oyun keçirib.