Avstriya millisinin yarımmüdafiəçisi Marsel Zabitser AÇ-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Dortmund “Borussiya”sının şərəfini qoruyan 29 yaşlı futbolçu ötən gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadinunda baş tutan matçda komandasının yeganə qoluna imza atıb – 1:0.
Marsel Zabitser oyunla bağlı ölkəsinin mətbuatına bunları söyləyib:
“Avropa çempionatına vəsiqə qazanmaq başlıca məqsədimiz idi. Həm hədəfimizə çatdığımız, həm də qələbə qolunu vurduğum üçün xoşbəxtəm. Əlbəttə, oyunun taleyini daha erkən həll edə bilərdik. Amma Azərbaycan millisinin də şansları var idi. Qrupda birinci olub-olmayacağımız o qədər də vacib deyil. Əsas odur ki, qələbə qazandıq”.
Avstriya millisinin kapitanı Konrad Laymer də Bakıdakı qələbə ilə bağlı fikirlərini bölüşüb:
“Azərbaycanla oyuna enerjili çıxmışdıq. Qələbə qazanmaq istəyirdik. Avropa çempionatına vəsiqə qazandığımız üçün çox xoşbəxtik. Bu, böyük hissdir. Avropa çempionatına vəsiqə qazanmaq xüsusidir. Buna görə də qalib gəlmək vacib idi. Hələ çox inkişaf etməliyik”.
Avstriya yığmasının yarımmüdafiəçisi Nikolas Zayvald da komandasının qələbəsini şərh edib. 22 yaşlı futbolçu matçın sonlarında millimizin üzvü Toral Bayramovun fərqlənə bilmədiyi epizodla bağlı bunları söyləyib:
“Həmin epizodda bəxtimiz gətirdi. Onu qapımız önündə nəzarətsiz dayanan şəkildə gördükdə, qolun olmaması üçün dua etməyə başladım. Onun zərbəsinin dirəyə tuş gəlməsi inanılmaz rahatlıq verdi. Amma istənilən halda, biz uğuru haqq etmişdik”.
Avstriyalı hücumçu Saşa Kalaydziç də Toral Bayramovun oyunun sonlarında qaçırdığı əlverişli epizodu dəyərləndirib:
“Hamımız şokda idik. O, gözlənilmədən qapının önündə peyda oldu. Heç birimiz bunun necə baş verdiyini anlaya bilmədik. Onun əlverişli şansdan yararlana bilməməsinə görə çox şadam. Yəqin ki, Azərbaycan millisinin futbolçusu topu artıq torda görürdü”.
Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda millimizə 1:0 hesabı ilə qalib gələn Avstriya yığması xallarının sayını 16-ya çatdırmaqla Avropa çempionatına vəsiqəni rəsmiləşdirib.