Avstriya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Marsel Zabitser üçün bu mövsüm erkən başa çatıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Vest Hem”lə oyunda sıradan çıxan 29 yaşlı futbolçunun menisk nahiyəsindən aldığı xəsarət ciddidir. Bu üzdən də o, mövsümün son oyunlarında komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, müqavilə ilə Almaniyanın “Bayern” klubuna məxsus olan Marsel Zabitser “Mançester Yunayted”də icarə əsasında çıxış edir. O, bu ilin yanvar ayından formasını geyindiyi İngiltərə klubunda 18 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Zabitserin “Mançester Yunayted”lə icarə müqaviləsinin müddəti iyunun 30-na qədərdir. Avstriyalı futbolçunun Münhen klubu ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var. Bu üzdən də bu mövsüm bitən kimi o, “Bayern”in düşərgəsinə dönəcək.
Zabitser “Mançester Yunayted” və “Bayern”dən başqa, “Admira Vakker”, “Rapid”, “Leypsiq” və “Zalsburq” kimi klubların da formasını geyinib. O, Avstriya milli komandasında 69 oyun keçirib, 14 qola imza atıb.