Futbol üzrə Braziliya milli komandasının və Madrid “Real”ının sabiq müdafiəçisi Marselo özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu Yunanıstanın “Olimpiakos” klubuna keçib.
Bu barədə “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Pirey klubunun rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu ilə 1+1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Xatırladaq ki, Marselo 15 ildir formasını geyindiyi “Real”dan bu yay azad agent kimi ayrılıb. İspaniya klubundan öncə isə o, yetirməsi olduğu “Fluminense”də oynayıb. Sol cinah müdafiəçisi “Real”ın heyətində bütövlükdə 546 matça çıxıb. O, bu görüşlərdə 38 qol vurub və 103 məhsuldar ötürmə müəllifi olub.
Braziliyalı müdafiəçi Madrid təmsilçisi ilə 25 kubok, o cümlədən 5 dəfə Çempionlar Liqasını qazanıb. Ulduz futbolçu Braziliya yığmasında keçirdiyi 58 oyunda 6 qola imza atıb.