Marselo yetirməsi olduğu kluba qayıtdı

Braziliya millisinin sabiq müdafiəçisi, bir neçə gün öncə Yunanıstanın “Olimpiakos” klubundan ayrılan Marselo özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu Braziliyanın “Fluminense” klubu ilə anlaşıb.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli müdafiəçi yetirməsi olduğu bu klubla müddəti daha bir il artırılmaq şərti ilə 2024-cü ilin dekabr ayına kimi müqavilə bağlayıb.

Marselo məhz “Fluminense”nin yetirməsidir. O, 2005-ci ildə, 17 yaşında olarkən bu klubun əsas komandasına cəlb olunub. Doğma komandasında həmin vaxt 40 oyun keçirmiş sol cinah müdafiəçi 6 qol da vurub. 2007-ci ilin yanvar ayında isə Braziliya klubu onu daha böyük uğurlar qazanacağı Madrid “Real”ına satıb – 6.5 milyon avroya!

Marselonun İspaniya nəhəngindəki karyerası kifayət qədər zəngin alınıb. O, 15 il formasını geyindiyi “Real”ın heyətində bütövlükdə 546 matça çıxıb. Müdafiəçi bu görüşlərdə 38 qol vurub və 103 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı futbolçu Madrid təmsilçisi ilə 25 kubok, o cümlədən 5 dəfə Çempionlar Liqasını qazanıb. O, “Real”dan 2022-ci ilin yayında azad agent kimi ayrılmışdı. İspaniya klubundan ayrılandan sonra isə müdafiəçi ötən ilin sentyabr ayında azad agent kimi “Olimpiakos”a keçmişdi. Həmin vaxt təcrübəli futbolçu Pirey təmsilçisi ilə 1+1 illik müqaviləyə imza atmışdı. Amma müdafiəçi Yunanıstan komandasının heyətində cəmi 10 oyuna çıxıb və bu görüşlərdə 3 qol vurub. Məhz “Fluminense”dən aldığı təklif səbəbindən o, “Olimpaikos”dan erkən ayrılmağa qərar verib.

Ulduz futbolçu Braziliya milli komandasında da 58 oyun keçirib. O, bu matçlarda 6 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: