“Arsenal”ın hücumameylli yarımmüdafiəçisi və kapitanı Martin Edeqor ilk dəfə olaraq atalıq sevincini yaşayıb.
Arena.az məlumat verir ki, oğul atası olması haqda ilk xəbəri Edeqor özünün şəxsi şəbəkə hesabı üzərindən şəxsən paylaşıb:
“01/12/2024. Biz səni çox sevirik, balaca oğul balamız”, – Edeqorlar ailəsinin cütlüyü paylaşıb.
Yeni doğulmuş körpənin adı açıqlanmır.
Xatırladaq ki, cari ilin noyabrında məlum olub ki, Martin Edeqor və sevgilisi Helen gizli surətdə evləniblər və uşaq dünyaya gətirəcəklər. Martin və Helen münasibətlərini 2023-cü ildə ictimaiyyətə açıqlayıblar.
Əlavə ki, Martin Edeqor topuq nahiyəsidən aldığı zədə səbəbindən iki aylıq fasilədən sonra, bir neçə həftə əvvəl meydana qayıdıb.
Martin Edeqorun erkən yeniyetməlik dövrü “Drammen Stronq” və “Strömsqodset” klublarında keçib. 2015-ci ildə “Real”a keçmiş Edeqor gənc yaşına rəğmən gələcək vəd edib. Martin Edeqor 6 il (2015-ci ildən 2021-ci ilə qədər) Madrid klubunun sistemində olub. “Kral klubu”ndakı güclü rəqabət Edeqoru kirayələrdə dolaşmağa məcbur edib, norveçli futbolçu “Herenven”, “Vitess”, “Real Sosyedad”ın uğurları üçün çalışıb və püxtələşərək sonda “Arsenal”ın hədəfinə düşüb.
Norveçli futbolçu “Arsenal”a 2021-ci ilin yanvarında qoşulub. Əvvəlcə, “topçular” gənc Martini “Real”dan icarəyə götürüblər, sonra isə norveçli yarımmüdafiəçi ilə tamhüquqlu əsasda müqavilə imzalayıblar. Edeqorun “Arsenal”la 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Cari mövsümdə Martin “Arsenal”da 9 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Edeqor “topçular”ın heyətində ümumilikdə 162 oyun keçirib, 36 qol vurub, 28 məhsuldar ötürmə verib.
Edeqorun qənimətlər muzeyində “Real”la UEFA Super Kuboku (2016/2017), “Real Sosyedad”la İspaniya Kral Kuboku (2019/2020), “Arsenal”la İngiltərə Super Kuboku (2024) var.
Edeqor kapitanı olduğu Norveç yığmasının heyətində 2014-cü ilin avqustunda – 15 yaş 253 günlüyündə debüt edib və müvafiq nəticə ilə Norveç yığmasının rekordçusudur. Martin bu müddətdə yığmada 61 oyun keçirib, 3 qol vurub, 11 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.
