Martin Edeqor zədəsini sağaltdı, Deklan Rays sıradan çıxdı

Futbol üzrə Norveç yığmasının və İngiltərənin “Arsenal” klubunun hücumameyilli yarımmüdafiəçisi Martin Edeqor zədəsini sağaldıb.

Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, 25 yaşlı yarımmüdafiəçi komanda ilə məşqlərə start verib. Norveçli oyunçu İtaliyada “İnter”ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqası matçında iştirak edə bilər.

Əvəzində “Arsenal”ın digər yarımmüdafiəçisi Deklan Rays “İnter”lə oyunda meydana çıxa bilməyəcək. O, zədə səbəbindən sabah “Cüzeppe Meazza” stadionunda baş tutacaq qarşılaşmanı buraxmaq məcburiyyətində qalacaq. Həkimlər 25 yaşlı oyunçunu həftəsonu keçiriləcək “Çelsi” matçına qədər sağaltmağa çalışırlar.

Qeyd edək ki, “İnter” – “Arsenal” görüşü noyabrın 6-da keçiriləcək. İngiltərə Premyer Liqasının 10-cu turunun “Çelsi” – “Arsenal” görüşü isə noyabrın 10-da baş tutacaq.

Dekabra qədər oynamayacağı deyilirdi, bir ay erkən sağaldı

Xatırladaq ki, Martin Edeqor sentyabrda Norveç yığmasının heyətində zədələnmişdi. Bir müddət öncə onun dekabr ayına qədər yaşıl meydanlardan kənarda qalacağı barədə məlumatlar yayılmışdı. Amma göründüyü kimi, futbolçu zədəsini vaxtından öncə sağaltmağa nail olub.

Martin Edeqorun erkən yeniyetməlik dövrü “Drammen Stronq” və “Strömsqodset” klublarında keçib. 2015-ci ildə “Real”a keçmiş Edeqor gənc yaşına rəğmən gələcək vəd edib. Martin Edeqor 6 il (2015-ci ildən 2021-ci ilə qədər) Madrid klubunun sistemində olub. “Kral klubu”ndakı güclü rəqabət Edeqoru kirayələrdə dolaşmağa məcbur edib, norveçli futbolçu “Herenven”, “Vitess”, “Real Sosyedad”ın uğurları üçün çalışıb və püxtələşərək sonda “Arsenal”ın hədəfinə düşüb.

Norveçli futbolçu “Arsenal”a 2021-ci ilin yanvarında qoşulub. Əvvəlcə, “topçular” gənc Martini “Real”dan icarəyə götürüblər, sonra isə norveçli yarımmüdafiəçi ilə tamhüquqlu əsasda müqavilə imzalayıblar. Edeqorun “Arsenal”la 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Cari mövsümdə Martin “Arsenal” üçün məhsudlar fəaliyyəti ilə diqqət çəkmədiyi 3 oyun keçirib.

Edeqor “topçular”ın heyətində ümumilikdə 156 oyun keçirib, 35 qol vurub, 25 məhsuldar ötürmə verib.

Edeqorun qənimətlər muzeyində “Real”la UEFA Super Kuboku (2016/2017), “Real Sosyedad”la İspaniya Kral Kuboku (2019/2020), “Arsenal”la İngiltərə Super Kuboku (2024) var.

Edeqor kapitanı olduğu Norveç yığmasının heyətində 2014-cü ilin avqustunda – 15 yaş 253 günlüyündə debüt edib və müvafiq nəticə ilə Norveç yığmasının rekordçusudur. Martin bu müddətdə yığmada 61 oyun keçirib, 3 qol vurub, 11 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.