Martin Palumbo “Udineze”ni tərk etdi – “Yuventus”a görə

İtaliyanın “Udineze” klubunun norveçli yarımmüdafiəçisi Martin Palumbo A Seriyası nəhəngi “Yuventus”a keçib.

Arena.az xəbər verir ki, Turin klubu əvvəlki mövsümlərdə icarəyə də götürdüyü 21 yaşlı oyunçunun transfer hüquqlarını alıb.

Bunun üçün “Udineze”yə ödənilən məbləğ açıqlanmır. Gənc futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, Turin klubunun əsas komandasında 1, əvəzedicilərində isə 46 oyun keçirib.

“Yuventus” venesuelalı hücumçusu Alexandro Markeslə də yollarını ayırıb. 22 yaşlı futbolçu Portuqaliya təmsilçisi “Eştoril”ə keçib və yeni klubu ilə 3 illik sözləşmə imzalayıb. “Barselona”nın yetirməsi olan hücumçu 2020-ci ildən “Yuventus”da olsa da, əsas komandada debüt şansı qazanmayıb. Bu üzdən də o, “Mirandes” və “Eştoril”də icarədə oynamaq məcburiyyətində qalıb.

“Yuventus” qapıçısı Stefano Qorini də A Seriyasının digər təmsilçisi “Montsa”ya icarəyə verib. 27 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. O, əvvəlki mövsümlərdə “Piza”, “Komo” və “Peruca”da da eyni qaydada forma geyinib. İtalyan qolkiper 2020-ci ildə “Piza”dan transfer olunduğu “Yuventus”da debüt belə etməyib.

Palumbonu “Yuventus”a satan “Udineze”də də bir ayrılıq və iki yeni transfer var. Sözügedən klub sol cinah müdafiəçisi Leonardo Butanı “Jil Visente”yə icarəyə verib. 21 yaşlı portuqal qarşıdakı mövsümün sonuna kimi ölkəsində çıxış edəcək. “Braqa”nın yetirməsi “Udineze”yə ötən ilin yayında 2 milyon avro qarşılığında keçsə də, bu komandada cəmi 2 oyuna çıxıb.

“Udineze” gedənlərin əvəzində “Uotford”un mərkəz müdafiəçisi Kristian Kabasele və “Haddersfild”in dayaq yarımmüdafiəçisi Etyen Kamaranı heyətinə qatıb. 32 yaşlı Kabasele yeni klubu ilə 2 illik, 20 yaşlı Kamara isə 4+1 illik müqavilə bağlayıb. Kabaselenin transfer məbləği açıqlanmasa da, Kamaraya görə “Haddersfild”ə 2 milyon avro ödəniləcəyi məlum olub.

Kabasele 2016-cı ildən oynadığı “Uotford”da 166 oyun keçirib, 7 qol və 3 assistlə yadda qalıb. O, “Genk”, “Eupen”, “Ludoqorets” və “Mexelen”də də oynayıb. Təcrübəli mərkəz müdafiəçisi Belçika yığmasında da 2 oyun keçirib.

Kamara isə peşəkar karyerasına “Haddersfild”də başlayıb. Yarımmüdafiəçi bu komandada 23 oyun keçirib. O, Fransanın U-20 yığmasına da dəvət alır.