Martin Pektov rəsmən “Turan Tovuz”da

Bolqarıstanın “Septemvri” (Sofiya) klubunun hücumçusu Martin Petkov Azərbaycan təmsilçisi “Turan Tovuz”a transfer olunub.

Arena.az xəbər verir ki, Bolqarıstandan olan 20 yaşlı forvardla 2 illik müqavilə imzalanıb.

Bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

“Turan Tovuz” “Septemvri”dən azad agent kimi ayrılan gənc futbolçunun keçidinə görə əlavə xərcə düşməyib. Çünki futbolçunun Sofiya təmsilçisi ilə müqaviləsi iyun ayın sonunda bitib.

Xatırladaq ki, Martin Petkov Sofiyanın daha məşhur “Levski” klubunun yetirməsidir. O, bu komandada meydana çıxdığı 68 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Slaviyanın digər məşhur klubu “Slaviya”da da oynamış hücumçu bu komandada 13 oyuna 1 qol vurub, 1 assist edib. Onun “Septemvri” karyerası isə 28 oyun, 4 qol və 4 assistdən ibarətdir.

Petkov Bolqarıstanın U-16, U-17, U-18, U-19 yığmalarında oynayıb. 2021-ci ildən isə o, ölkəsinin gənclərdən ibarət millisində forma geyinir – 11 oyun, 1 qol.

Qeyd edək ki, “Turan Tovuz” bu yay Fərid Nəbiyev, Aydın Bayramov və Sərtan Taşkını da heyətinə qatmışdı. Henri Okebuqvu, Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov və Siyanda Xulu ilə yollarını ayırmış əyalət klubunda adları aşağıdakı göstərilən oyunçularla da yeni müqavilə imzalanıb:

Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Vüsal Məsimov.

Yeri gəlmişkən, “Turan Tovuz” bu gündən etibarən yeni mövsümün hazırlığına da start verib. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan ilk məşqdə Petkovla yanaşı, komandanın digər yeni futbolçuları da iştirak ediblər.