Massimiliano Alleqri jurnalisti asıb-kəsdi

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 29-cu turunun “Cenoa” ilə ev oyunun heç-heçə nəticəsini (0:0) şərh edib.

Arena.az xatırladır ki, “qoca sinyora” son 8 oyunda cəmi 1 qələbə qazanıb.

Massimiliano Alleqri bu məqamı əsas gətirərək şərh gözləyən jurnalistə sərt cavabı ilə diqqət çəkib:

“Cədvəldə üçüncü yerdəyik. Məşqçi olmağın nə olduğunu bilirsinizmi? Mən jurnalist olmağın necə olduğunu bilmirəm. İctimaiyyətin dediklərinə əməl etmirəm, komanda üçün nə lazımsa, onu edirəm. Mən jurnalistə işini necə görəcəyini demirəm, ona görə də mənim işimi necə edəcəyimi danışmaq gərək deyil.

Biz səkkiz turda necə yeddi xal qazanmışıq? Bəs 19 turda necə 46 xal toplamışıq? Mənə daha ağıllı sual versəniz, sizə daha ağıllı cavab verəcəyəm. “Yuventus”da çalışan bir məşqçi kimi mənim qarşımda çatmalı olduğum məqsəd var. Mən indi nəticə olmadığı üçün məyusam, amma hamı səhv edir. Mən öz seçimimi komandanın xeyrinə edirəm. Mən heç vaxt ictimai əhval-ruhiyyəni güdməmişəm.

Ola bilər ki, üç hücumçudan istifadə etmədiyim üçün səhv edirəm, bəlkə də haqlıyam. Sadəcə bilirəm ki, mənim rolum komandanı ilk dördlüyə daxil etməkdir və biz buna nail olmaq yolundayıq. Oğlanların bu gün etdiklərindən razıyam və bu, növbəti doqquz oyun üçün yaxşı başlanğıc nöqtəsidir”, – deyə Massimiliano Alleqri bildirib.

İtaliya A Seriyasının ikinci dövrəsinə lider “İnter”i təqib etməklə çempionluğa iddia ilə başlamış “Yuventus” indi 29 turdan sonra 59 xalla yarış cədvəlinin 3-cü pillədə qərarlaşıb. “Cenoa” isə 34 xalla 12-ci pillədədir. A Seriyasına 76 xalla “İnter” başçılıq edir.