Massimiliano Alleqri: “Mən axmaq deyiləm”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Turin klubuna qayıdışı və komandanın düşdüyü çətin vəziyyət haqda danışıb.

Arena.az xəbər verir ki, İtaliyadan olan 55 yaşlı mütəxəssis yerli mətbuata müsahibəsində bunları dilə gətirib:

“Ümid edirəm ki, avqustun 20-də bizim neçə xal cəzalandırıldığımız haqda məlumat alacağıq. Ümid edirəm ki, xal alış-verişi olmayacaq.
Mən “Yuventus”a qayıdanda bilirdim ki, qalib gəlmək çətin olacaq. Asan olacağını düşünəcək qədər axmaq deyiləm. Asanca qalib gəlmək istəsəydim, başqa ünvana üz tutardım. Mən ona görə qayıtmışam ki, bu ailənin, bu klubun mənə ehtiyacı var.

Elə komandalar var ki, altı ildir, ilk dördlüyə düşmürlər. Meydanda biz üçüncü yeri qazandıq. Biz Avropa Liqasının və İtaliya Kubokunun yarımfinalında oynamışıq. Futbol verir, futbol alır – lap həyatdakı kimi. Biz daha da güclü olacağıq. Ancaq bəzi komandalar Çempionlar Liqasına ona görə düşdülər ki, bizim 10 xalımız silinib. Siz bununla razısınız?

Gəlin, iddiaları bacarıqlarla qarışdırmayaq. “Yuventus” həmişə qələbə qazanmağa yönəlməlidir, amma başqa klublar da var. Bizim on əla ilimiz olub, son üç ili biz qalib gələ bilmirik”.

Xatırladaq ki, maliyyə fırıldağı və saxtakarlıq səbəbi ilə cəza olaraq “Qoca sinyora”nın turnir xallarından 10-u silinib. Bu üzdən Turin təmsilçisi hazırda 59 xalla 7-ci pillədə qərarlaşıb. Komanda mövsümü bu pillədə başa vursa, növbəti mövsümdə İtaliyanı Avropa Konfrans Liqasında təmsil edəcək. Ən yaxşı halda isə bu komanda Avropa Liqasına vəsiqə qazana bilər.

Qeyd edək ki, “Yuventus” son 12 ildə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

Massimiliano Alleqri 2021-ci ilin may ayında ikinci dəfə bu kluba qayıdıb. O, daha öncə 2014-2019-cu illər aralığında “Yuventus”a rəhbərlik etmişdi. Turinlilər bu mütəxəssisin rəhbərliyi altında 378 oyun keçiriblər. Bu görüşlərdə 248 qələbə qazanmış “Yuve”, 62 heç-heçə edib, 68 məğlubiyyətə üzülüb.