İtaliyanın “Yuventus” komandasının baş məşqçisi Massimiliano Alleqri gələn mövsümdə də Turin klubu ilə işləməyə davam edəcək.
Arena.az xəbər verir ki, bu barədə məlumatı jurnalist-insayder Canluka Di Marsio yayıb.
Turin klubunun rəhbərliyi 55 yaşlı italyan mütəxəssislə əməkdaşlığı davam etdirmək qərarını verib. Müvafiq seçimin həm texniki, həm də iqtisadi səbəblərə görə edildiyi vurğulanır. Belə ki, Alleqri ilə müqavilənin ləğv edilməsi “Yuventus” tərəfindən italyan mütəxəssisə əhəmiyyətli dərəcədə pul təzminatının ödənilməsi öhdəliyi deməkdir. Tərəflər arasında cari müqavilənin etibarlılıq müddəti 2025-ci ilə qədərdir.
Alleqrinin rəhbərliyi ilə “Qoca sinyora” qənaətbəxş çıxış etsə də, klubun maliyyə fırdağında iştirakı səbəbi ilə 10 xallıq cəza alması, milli çempionatı 62 xalla 7-ci yerdə bitirməsi ilə nəticələnib. Turinlilər İtaliya Kubokunda və Avropa Liqasında yarımfinala yüksələ bilsələr də, məğlub olaraq mübarizəni dayandırıblar. “Byankoneri” gələn mövsümdə Avropa Konfrans Liqasında çıxış edəcək.
Massimiliano Alleqri 2021-ci ilin may ayında ikinci dəfə bu kluba qayıdıb. O, daha öncə 2014-2019-cu illər aralığında “Yuventus”a rəhbərlik edib. Turinlilər bu mütəxəssisin rəhbərliyi altında 379 oyun keçiriblər. Bu görüşlərdə 249 qələbə qazanmış “Yuve”, 62 heç-heçə edib, 68 məğlubiyyətə üzülüb.