Massimiliano Alleqri “Yuventus”u məhkəməyə verir

“Yuventus”un keçmiş baş məşqçisi, italyan mütəxəssis Massimiliano Alleqri Turin klubunu məhkəməyə verməyə hazırlaşır.

Arena.az bu barədə “Football Italia” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, italyan mütəxəssis “Yuventus”un ona müqavilə üzrə maaşının 9 milyon avro məbləğində qalan hissəsini ödəməkdən imtina etdiyi üçün müvafiq addımı atıb.
Vurğulanır ki, Alleqrinin vəkilləri artıq işə başlayıblar.

Daha əvvəl mətbuatda, “Yuventus”un Alleqrini yolverilməz davranışı müqabilində istefaya göndərdiyi bildirilmişdi.

Xatırladaq ki, İtaliya Kubokunun “Yuventus”la “Atalanta” arasında keçirilmiş final oyununun (1:0) 90+3-cü dəqiqəsində Alleqri görüşün baş hakimi Fabio Mareskanın, “Yuventus”un braziliyalı mərkəz müdafiəçisi Bremerə qarşı edilmiş qayda pozuntusunu dərhal qeydə almamasından son dərəcə narazı qalıb. Bundan sonra italyan mütəxəssis cin atına minib. Cənab Massimiliano pencəyini cırıb, yaxasını yırtıb, ehtiyat hakimin yanına qaçaraq onun üzünə qışqırmağa, səsini başına ataraq səs-küy qoparmağa başlayıb. Hakim bu şüvənliyinə görə Alleqriyə birbaşa qırmızı vərəqə göstərib.

Massimiliano Alleqri tribunalaraltı məkana yollandıqdan sonra da sakit qalmayıb və burada “Tuttosport” qəzetinin direktoru, jurnalist Qvido Vaçaqoya təpinib. Hiddətlənmiş mütəxəssis mətbuat işçisini söyüb-batırıb, təhdid edərək, onun qulaqlarını qoparmaqla hədələyib. İtalyan mütəxəssis nəşri dələduzluqda ittiham edərək, baş vermiş hadisəni olduğu kimi – həqiqi işıqlandırmaqla yazması tələbində olub.

“Yuventus” məhz bu biabırçılıqları əsas gətirərək, italyan mütəxəssislə yollarını ayırdığını açıqlamışdı.

Amma sonrada mətbuatda “Yuventus”un Alleqrini qovmasının pərdəarxası məqamları üzə çıxıb. Belə ki, “Yuventus”un müvafiq addımının, klubun italyan mütəxəssisə 9 milyon avro məbləğində qalan əmək haqqını ödəməmək məqsədilə atıldığı iddia edilir.

Belə ki, Alleqrinin məhz bu qeyri-münasib davranışı səbəbilə işdən qovulması qanuni olaraq “Yuventus”a gələn il ərzində ona maaş ödəməməyə imkan verir. Bir sözlə, bunun bir qurama olması ehtimalı istisna edilmir.

Xatırladaq ki, italiyan mütəxəssisin klubla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

Hazırda bu məsələ ilə bağlı hadisələrin inkişafı gözlənilir.

Xatırladaq ki, daha əvvəl “Yuventus” digər bir məhkəmə işində sabiq futbolçusu, portuqal ulduz Kristiano Ronaldoya uduzmuşdu. Söhbət portuqal ulduzun 9,8 milyon avro məbləğində maaşından gedir.