“Milan”ın keçmiş yarımmüdafiəçisi Massimo Ambrozini “rossoneri”nin italyan məzunu Daniel Maldininin perspektivləri ilə bağlı fikir yürüdüb.
Arena.az xatırladır ki, hazırda “Montsa”da çıxış edən Daniel adlı sanlı futbolçular nəsli – Maldinilərin davamçısıdır.
Danielin atası Paolo və babası Çezare İtalya yığmasında çıxış ediblər, “Milan”ın uğurları üçün çalışıblar. Danielin özü də oktyabrda “skuadra adzurra”nın heyətində debüt edib. Danielin İtaliya yığmasında debütündən sonra Maldini ailəsi tarixi ilkə imza atıb. Maldinilər “skuadra adzurra”da üç nəsil forma geyinmiş ilk ailə olublar.
“Biz onun fərqli bir yol tuta biləcəyinə, hətta “Yuventus”a və ya “İnter”ə yollana biləcəyinə hazır olmalıyıq. O, hazırda o səviyyədə deyil, amma meydanda çıxışı və qabiliyyəti baxımından bir il əvvəl olduğu yerdən bir addım irəliləyib.
O, fiziki cəhətdən inkişaf etməyə davam edir, bundan sonra hara gedə biləcəyini bilmirəm. Düşünürəm ki, o, iddialarını yüksək səviyyədə saxlamalı, oyun təcrübəsini isə davam etdirməlidir. Fiziki, texniki və cəsarət baxımından o, bütün xüsuslara malikdir, amma daha bir addım atması üçün onun nə qədər sabit ola biləcəyini görməliyik”, – Massimo Ambrozini yerli mətbuata açıqlamasında bildirib.
Hücumameylli yarımmüdafiəçi Daniel Maldini “Milan”ın yetirməsidir. Daniel Maldini “Montsa”ya 2024-cü ilin iyulunda “Milan”dan azad agent qismində keçib. Buna qədər Maldini “Spetsiya”, “Empoli” və “Montsa”da icarə əsasında çıxış edib. Maldininin “Montsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvədədir.
Cari mövsümdə Maldini “Montsa” üçün 8 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Daniel Maldini İtaliyanın U-18, U-19 və U-20 yığmalarına dəvət alıb və oyun təcrübəsinə malikdir, əsas yığmada isə oktyabrın 14-də UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunun İsrail yığmasına qarşı 4-cü tur ev oyununda (4:1) debüt edib. Maldini meydnda 16 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Daniel Maldininin qənimətlər muzeyində “Milan”la İtaliya A Seriyası çempionluğu (2021/2022) var.
“Transfermarkt” internet-portalı 23 yaşlı italyan yarımmüdafiəçinin transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.


