“Çelsi”nin və Xorbatiya yığmasının mərkəz yarımmüdafiəçisi Mateo Kovaçiç karyerasını “Mançester Siti”də davam etdirməyə yaxındır.
Arena.az məsələni diqqətində saxlayan məşhur italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, artıq tərəflər şəxsi müqavilənin şərtləri barədə razılıq əldə ediblər.
Növbəti addım klublar arasında razılığın əldə edilməsinə dayanır. Ancaq tərəflər hadisələri tələsdirmirlər. “Çelsi” və “Mançester Siti” nümayəndələri Kovaçiçin transfer məbləği haqda sualı Çempionlar Liqasının finalından sonra müzakirə edəcəklər.
Vurğulanır ki, “zadəganlar” Kovaçiçi satmağa, futbolçu özü isə “şəhərlilər”ə qoşulmağa hazırdır. Daha əvvəl Kovaçiçin “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə işləməkdə maraqlı olduğu haqda da məlumat yayılmışdı.
Mateo Kovaçiç “Çelsi”yə 2019-cu ilin iyulunda Madrid “Real”ından 45 milyon avro qarşılığında keçib. O, 2022/2023 mövsümündə London klubunun heyətində 37 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib. Xorvatın “Çelsi” karyerası bütövlükdə 221 oyun, 6 qol və 15 məhsuldar ötürmədən ibarətdir.
29 yaşlı yarımmüdafiəçinin London klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Kovaçiçi 40 milyon avro məbləğində qiymətləndirir.
Kovaçiç daha öncə “Real” (109 oyun, 4 qol, 8 assist), “İnter” (97 oyun, 8 qol, 11 assist) və Zaqreb “Dinamo”sunda (63 oyun, 7 qol, 11 assist) da forma geyinib. O, Xorvatiya milli komandasında da 93 oyun keçirib, 5 qol vurub.