Materatsi karyerasındakı ən yaxşı məşqçinin adını çəkdi

Milan “İnter”inin italyan sabiq müdafiəçisi Marko Materatsi portuqal mütəxəssis Joze Mourinyo ilə işindən danışıb.

Arena.az veteran futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Mourinyo, şübhəsiz ki, işlədiyim ən yaxşı məşqçidir. Mən vacib olmağa, kapitan olmağa öyrəşmişəm. Mourinyo gələndə komanda üçün əhəmiyyətimi itirməyə başladım. Amma ilk andan mənə münasibətdə dürüst idi. Çempionlar Liqasını qazandıqdan sonra ağlamışdıq”, deyə Materatsi xatırlayıb.

Xatırladaq ki, Mourinyonun sonuncu iş yeri “Roma” olub. Bu il yanvarın 16-da Joze Mourinyonun İtaliya komandasının baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.

Hazırda işsiz olan portuqal mütəxəssisin adı ara-sıra “Barselona” və “Bayern” də daxil olmaqla, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqası ilə əlaqələndirilir.

“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Joze Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.

Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı da çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.

İtaliya yığmasının da şərəfini qorumuş Marko Mateatsiyə gəlincə, o, karyerası ərzində “İnter”dən başqa “Messina”, “Tor di Kinto”, “Marsala, “Trpani”, “Peruca”, “Karpi”, “Everton” və “Çennaiyin” kimi klublarda da forma geyinib.