Mateus Kunya “Atletiko”nu “Vulverhempton”a dəyişdi

Futbol üzrə Braziliya milli komandasının hücumçusu Mateus Kunya İspaniyanın “Atletiko” (Madrid) klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçu bundan sonrakı karyerasını İngiltərədə davam etdirəcək. O, Premyer Liqa təmsilçisi “Vulverhempton”a icarəyə verilib. İcarə müqaviləsinin müddəti bu mövsümün sonunadək nəzərdə tutulub. Lakin İngiltərə klubu braziliyalı oyunçunu satınalma şərti ilə icarəyə götürüb.

Mateus Kunya 2021-ci ilin avqust ayından “Atletiko”da forma geyinirdi. O, Madrid təmsilçisində 54 oyun keçirib, 7 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Hücumçu daha öncə “Sion”, “Herta” və “Leypsiq” kimi klubların da uğurları üçün çalışıb.

Braziliyanın əsas millisində 8 oyun keçirmiş Kunya, ölkəsinin U-23 yığması ilə Tokio 2020-nin – Yay Olimpiya Oyunlarının qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: