Mateuş Lis “Sauthempton”u “Göztəpə”yə dəyişdi

İngiltərənin “Sauthempton” klubunun qapıçısı Mateuş Lis Premyer Liqa təmsilçisindən birdəfəlik ayrılaraq “Göztəpə”yə keçib.

Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

27 yaşlı qolkiper Super Liqa təmsilçisi ilə 3+1 illik müqavilə imzalayıb. Onun Türkiyə klubuna keçidinin detalları açıqlanmır.

Xatırladaq ki, Mateuş Lis “Sauthempton”a 2022-ci ilin iyulunda Türkiyənin “Altay” klubundan keçmişdi. O, İngiltərə klubunun əsas komandasının heyətində debüt şansı qazanmayıb. Bu üzdən də polşalı ötən mövsümü “Göztəpə”də icarədə keçirmişdi. O, İzmir klubunun heyətində 33 oyuna 19 qol buraxıb, 21 matçda qapısını toxunulmaz saxlayıb.

Lis “Visla” (Krakov), “Altay”, “Rakuv”, “Trua”, “Medz”, “Podbeskidze” kimi klublarda da forma geyinib. Polşanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış qapıçıya əsas millidə debüt qismət olmayıb.

“Göztəpə” Braziliyanın “Flamenqo” klubunun hücumameyilli yarımmüdafiəçisi Viktor Huqo Qomes Silvanı da heyətinə qatıb. 20 yaşlı futbolçu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb.

“Flamenqo”nun öz yetirməsi olan Viktor Huqo bu klubun əsas komandasının heyətində 105 oyuna çıxıb. O, bu görüşlərdə 6 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Göztəpə”nin sağ cinah müdafiəçisi Uğur Kaan Yıldız isə “Keçiörengücü”yə keçib. Sözügedən klub 22 yaşlı türkiyəli futbolçunu bu mövsümün sonunadək icarəyə götürüb.

“Fənərbaxça”nın yetirməsi olan Uğur “Bursaspor” və “Ümraniyəspor”da da forma geyinib. O, Türkiyənin U-21 yığmasında 11 oyun keçirib.

Mateuş Lisi “Göztəpə”yə verən “Sauthempton” sol vingeri Samuel Edozini də “Anderlext”ə icarəyə göndərib. Belçika klubu 21 yaşlı futbolçunu bu mövsümün sonunadək icarəyə götürüb.

“Milluol” və “Mançester Siti”nin yetirməsi olan futbolçu 2022-ci ildən formasını geyindiyi “Sauthempton”da 63 oyuna 6 qol vurub, 3 məhsuldar ötürmə verib. Əslən Nigeriyadan olan futbolçu İngiltərənin U-18, U-19 və U-20 yığmalarında oynayıb.