“Neftçi” bu ilin yanvarında Yaponiyanın “JEF Yunayted Çiba” klubundan icarəyə göyürdüyü braziliyalı hücumçu Mateus Saldanya ilə vidalaşıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Klubun bu məsələ ilə bağlı bəyanatında bunlar qeyd olunub:
“2024-cü ilin yanvarınadək icarə müqaviləsi olan Saldanya son günlərdə klub rəhbərliyinə Serbiya “Partizan”ından maliyyə cəhətdən çox yaxşı təklifin olduğunu bildirib. Son müsahibələrində “Neftçi” ilə müqaviləsinin olduğunu və sonadək komandada qalacağını bildirən futbolçu bu təklifdən sonra klub rəhbərliyindən getməsi üçün icazə istəyib. Lakin klub rəhbərliyi indiki vəziyyətdə, yəni mövsümün əvvəlində, Avropa Konfrans Liqasının oyunlarına bir neçə gün qalmış onu komandadan buraxmaq istəmədiyini dəfələrlə onun nəzərinə çatdırıb. Bütün bu xəbərdarlıqlara baxmayaraq, Saldanya son günlərdə müxtəlif səbəblərlə komanda ilə birlikdə məşqlərdə iştirak etməkdən yayınıb. O, 24.07.2023-cü il tarixində keçirilən məşqdə isə icazə almadan iştirak etməyib.
Rəhbərlik futbolçunun bu cür hərəkətləri ilə əlaqədar həm onu, həm də menecerini rəsmi qaydada məlumatlandırıb. Bildirilib ki, “Neftçi” PFK kimliyindən asılı olmayaraq, maddiyəti hər şeydən üstün tutan, onun rənglərinə bağlı olmayan, forma üçün mübarizə aparmağa hazır olmayan heç bir kəsi heyətində məcburi saxlamaz. Buna görə də braziliyalı futbolçunun komandadan xaric olunması haqqında qərar verilib. Ürəyi “Neftçi” ilə olmayanın özü də bu klubda olmamalıdır. Qayğısı yalnız maddiyyat olan futbolçuya “Neftçi” kimi klubda yer yoxdur.
Qeyd etməliyik ki, proses dövründə “Partizan” klubu yazılmış və yazılmamış qaydalar çərçivəsində davranıb. Dostluq münasibətlərimiz olan Belqrad təmsilçisinə heç bir iradımız yoxdur.
Azarkeşlərimizi əmin etmək istəyirik ki, Avropa Konfrans Liqasında keçiriləcək ilk oyunumuza bir neçə gün qalmış Saldanya adlı futbolçunun komandamızı çətin vəziyyətdə qoymasına baxmayaraq, klubun rəhbərliyi və məşqçilər korpusu vəziyyətdən ən məqbul çıxış yolunu tapacaqlar. Hazırda hücum xəttimizi gücləndirmək üçün ciddi transfer işləri aparılır.
Xatırladaq ki, Mateus Saldanya bu ilin yanvarından formasını geyindiyi “Neftçi”də 20 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.