Mateus Saldanya “Neftçi”ni bu kluba dəyişdi – Rəsmi

Bir neçə gün öncə “Neftçi”dən qalmaqallı şəkildə ayrılan braziliyalı futbolçu Mateus Saldanya Serbiyanın “Partizan” klubuna keçib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

23 yaşlı hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Forvard yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, “Neftçi” Mateus Saldanyanı bu ilin yanvarında Yaponiyanın “JEF Yunayted Çiba” klubundan 1 illik icarəyə götürmüşdü. Onun paytaxt klubu ilə icarə sözləşməsinin müddəti bu ilin 31 dekabrında başa çatacaqdı. Lakin futbolçu bir neçə gün əvvəl “Neftçi”nin razı olmadığı halda bu klubu tərk edərək, “Partizan”a keçməyə qərar verib. Azərbaycan klubu bununla əlaqədar bəyanat yaymaq məcburiyyətində qalmışdı.

Mateus Saldanya 2021-ci ilin fevral ayından “JEF Yunayted Çiba”da forma geyinirdi. O, Yaponiya klubunda 48 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu bu klubdan öncə Braziliya “Bahiya”sında (2020-2022) çıxış edib. O, icarə əsasında Çinin “Çendu Sinçen” komandasının da (2022) uğurları üçün çalışıb.