Mateus Saldanya rəsmən “Neftçi”də – VİDEO

Yaponiyanın “JEF Yunayted Çiba” klubunun braziliyalı hücumçusu Mateus Saldanya karyerasını Azərbaycan Premyer Liqasında davam etdirəcək. Arena.az xəbər verir ki, 23 yaşlı forvard “Neftçi”yə transfer olunub.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Braziliyalı futbolçu ilə 1 il müddətinə icarə müqaviləsi bağlanıb. O, yeni komandasının heyətində 9 nömrəli formanı geyinəcək.

Mateus Saldanya 2021-ci ilin fevral ayından “JEF Yunayted Çiba”da forma geyinir. O, Yaponiya klubunda 48 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu bu klubdan öncə Braziliya “Bahiya”sında (2020-2022) çıxış edib. O, icarə əsasında Çinin “Çendu Sinçen” komandasının da (2022) uğurları üçün çalışıb.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl müdafiəçi Höccət Haqverdini və yarımmüdafiəçi Kilan Lebonu transfer etmişdi.