Mateuş Veteska “Klermon”u “Kalyari”yə dəyişdi

Futbol üzrə Polşa millisinin və Fransanın “Klermon” klubunun mərkəz müdafiəçisi Mateuş Veteska “Kalyari”yə keçib.

Arena.az xəbər verir ki, İtaliya klubu 26 yaşlı futbolçunun transferi üçün Liqa 1 təmsilçisinə 5 milyon avro ödəyib.

Mateuş Veteska yeni klubu ilə 4 illik müqavilə bağlayıb. Polşa yığmasında 2 matç keçirmiş futbolçu “Legiya” (Varşava), “Qurnik” (Zabje), “Zombkoviya” kimi klubların da formasını geyinib.

“Kalyari” “Alkmar”ın mərkəz müdafiəçisi Pantelis Xatzidiakosu da transfer edib. Transferi 2 milyon avroya başa gəlmiş 26 yaşlı futbolçu 4 illik müqaviləyə imza atıb. Yunanıstan yığmasında 29 oyun keçirmiş müdafiəçi karyerası ərzində yalnız “Alkmar”da forma geyinib.

SPAL-ın dayaq yarımmüdafiəçisi Matteo Prati də “Kalyari”yə keçib. Transferi 5 milyon avroya başa gəlmiş 19 yaşlı italyanla 5 illik müqavilə imzalanıb. Karyerasına “Ravenna”da başlamış yarımmüdafiəçi SPAL-da cəmi bir mövsüm keçirib.

“Kalyari”də üç ayrılıq da qeydə alınıb. Dayaq yarımmüdafiəçisi Nunzio Lella “Venesiya”ya keçib. 23 yaşlı italyan yeni klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Olbiya” və “Bari”də də oynayıb.

Komandanın mərkəz müdafiəçisi Corco Altare də “Venesiya”ya keçib. 25 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. “Milan”ın yetirməsi “Obiya”, “Feralpisalo”, “Ceona” və “Alzano Seriate”də də olub.

“Kalyari” Yunanıstandan olan mərkəz yarımmüdafiəçisi Xristos Kurfalidisi də “Feralpisalo”ya icarəyə verib. 20 yaşlı futbolçu da bu mövsümün sonuna kimi icarədə olacaq. O, daha öncə “Focca”da da icarədə olub.

Mateuş Veteskanı “Kalyari”yə satan “Klermon” da heyətinə yeni oyunçular cəlb edib. Fransa klubu Moskva “Spartak”ının yamaykalı hücumçusu Şamar Nikolsonu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb. Fransızlar bir illik icarə üçün Rusiya klubuna 500 min avro ödəyəcəklər. Yamayka yığmasında 40 oyuna 11 qol vurmuş forvard “Şarlerua” və “Domjale”də də oynayıb.

“Bazel”in mərkəz müdafiəçisi Andi Pelmar da “Klermon”a keçib. Transferi 1,9 milyon avroya başa gələn, “Nitsa”nın yetirməsi olan 23 yaşlı fransızla 4 illik müqavilə imzalanıb.

“Po”nun qapıçısı Massamba Ndiaye də bundan sonra “Klermon”un şərəfini qoruyacaq. 21 yaşlı seneqallı qolkiperlə 4 illik müqavilə imzalanıb.