Macarıstanın “Uypeşt” komandasında forma geyinən serbiyalı yarımmüdafiəçi Matiya Lyuyiç “Səbail”ə keçib. Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bundan sonra Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.
Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. Serbiyalı futbolçu ilə cari mövsümün sonunadək müqavilə bağlanıb. “Səbail” Lyuyiçi “Uypeşt”dən icarəyə götürdüyünü açıqlayıb. Futbolçu yeni komandasında 88 nömrəli formanı geyinəcək.
Matiya Lyuyiç peşəkar karyerasına “Teleoptik”də başlayıb. 2014-cü ildə bu klubdan “Partizan”a keçən futbolçu, Belqrad təmsilçisində forma şansı qazanmadığı üçün “Mladost” (Luçani) komandasına icarəyə verilib. “Rad”, “Jalgiris”, “Vellinqton Feniks”, “Belenenseş”, “Bney Yehuda”, “Qanqvon”, “Hapoel” (Hayfa) kimi komandalarda da oynamış futbolçu, 2022-ci ilin iyul ayından “Uypeşt”də forma geyinirdi. O, Macarıstan təmsilçisində 13 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.