İtaliyanın “Latsio” klubunun fransalı mərkəz yarımmüdafiəçisi Matteo Genduzi bundan sonra “Fənərbağça”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi bu transfer üçün “Latsio”ya 28 milyon avro ödəyib. 26 yaşlı futbolçu ilə 4,5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.
Xatırladaq ki, Genduzi 2023-cü ilin avqust ayından “Latsio”nun formasını geyinirdi. O, bu mövsüm meydana çıxdığı 17 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib. Fransalı futbolçunun “Latsio” karyerası bütövlükdə 111 oyun, 6 qol və 10 məhsuldar ötürmədən ibarətdir.
PSJ-nin yetirməsi olan Matteo Genduzi Paris klubunda forma şansı qazanmayıb. O, karyerası ərzində “Olimpik” (Marsel), “Arsenal”, “Loryan”, “Herta” kimi klublarda da oynayıb.
26 yaşlı futbolçu 2021-ci ilin sonunda debüt etdiyi Fransa yığmasının heyətində 14 matça çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.


