Matteo Kançelyeri “Latsio”nu tərk etdi – “Parma”ya görə

İtaliyanın “Latsio” klubunun sağ vingeri Matteo Kançelyeri bundan sonra yenidən A Seriyasına qayıtmış “Parma”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Parma” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sözügedən klub 22 yaşlı italyan futbolçunu qarşıdakı mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Matteonun “Latsio” ilə müqaviləsinin müddəti isə 2027-ci ilin 30 iyununa qədərdir.

Matteo Kançelyeri “Roma”nın yetirməsidir. “Verona”da da oynamış futbolçu 2022-ci ilin yayından “Latsio”da çıxış edir. “Latsio”da 30 oyun keçirmiş vinger, ötən mövsüm “Empoli”də də icarədə olub. Kançelyeri İtaliya millisində də 1 oyun keçirib.

“Parma” Belçikanın “Sent-Trüden” klubunun yaponiyalı qapıçısı Zion Suzuki ilə Rusiyanın “Rostov” komandasında çıxış edən isveçli hücumçu Pontus Almkqvisti də heyətinə qatıb. İtaliya klubu azad agent kimi gəlmiş 25 yaşlı Almkvistlə 3+1 illik müqavilə bağlayıb. Suzukinin transferi isə 7,5 milon avroya başa gəlib. 21 yaşlı qolkiperlə 4 illik sözləşmə imzalanıb.

Pontus Almkvist daha öncə İtaliyada “Leççe”də də çıxış edib. O, “Norçöpinq”, “Silviya”, “Varberq”, “Norrbyu”, “Utrext”, “Poqon” kimi klubların da şərəfini qoruyub. “Rostov”da 39 oyuna 3 qol vurub, 6 assistlə yadda qalmış hücumçu, İsveçin aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Zion Suzuki isə “Urava Red Daymonds”un yetirməsidir. “Sent-Trüden” onu 2023-cü ilin yayında icarəyə götürmüş, bu ilin fevralında isə 4 milyon avro müqabilində birdəfəlik heyətinə qatmışdı. Belçika klubunun heyətində 32 oyuna 50 qol buraxmış qapıçı, 6 oyundan da “quru” çıxıb. O, Yaponiya yığmasında da 10 oyuna çıxıb, 8 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.

“Parma” sloveniyalı vingeri Tyaş Beqiçi də “Frozinone”yə icarəyə verib. 21 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. “Qoritsa”nın yetirməsi olan futbolçu, ölkəsində “Çelye”nin də şərəfini qoruyub. O, İtaliyada “Viçentsa”nın da formasını geyinib. “Parma”da 10 oyuna 1 assistlə yadda qalmış Beqiç, Sloveniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, əsas millidə hələ debüt etməyib.

“Latsio”da daha iki ayrılıq

Yeri gəlmişkən, Matteo Kançelyerini “Parma”ya icarəyə göndərmiş “Latsio” braziliyalı mərkəz yarımmüdafiəçisi Markos Antonionu da “San Paulo”ya icarəyə verib. Braziliya klubu 23 yaşlı futbolçunu 2025-ci ilin 30 iyununa kimi satınalma şərti ilə icarəyə götürüb.

Daha öncə Portuqaliyada “Eştoril”in də şərəfini qorumuş Markos Antonio “Latsio”ya 2022-ci ilin iyulunda 7,5 milyon avro qarşılığında Donetsk “Şaxtyor”undan keçib. O, paytaxt klubunun heyətində 22 oyuna 1 qol və 1 assistlə yadda qalıb. Bu üzdən də İtaliya klubu Markosu ötən mövsüm Yunanıstanın PAOK komandasına da icarəyə vermişdi. Antonio Braziliyanın U-20 və U-23 yığmalarında oynasa da, əsas millidə çıxış etməyib.

“Latsio”nun 18 yaşlı vingeri Sana Fernandes də Niderlandın “NAK Breda” klubuna keçib. Sözügedən klub Qvineya Bisaudan olan futbolçunu satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: