Mattia Viti yenidən A Seriyasında – Rəsmi

Fransanın “Nitsa” klubunda forma geyinən 21 yaşlı italiyalı mərkəz müdafiəçisi Mattia Viti “Sassuolo”ya keçib.

Arena.az xəbər verir ki, İtaliya klubu gənc oyunçunu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.

“Sassuolo” gələn yay müdafiəçinin transfer hüquqlarını almaq istəsə, Liqa 1 təmsilçisinə 7 milyon avro ödəməli olacaq.

Mattia Viti “Empoli”nin yetirməsidir. O, “Nitsa”ya ötən ilin avqustunda 13 milyon avro qarşılığında transfer olunsa da, bu komandada cəmi 12 oyuna çıxıb və 1 qol vurub. Viti İtaliyanın U-21 yığmasına da dəvət alır.

“Sassuolo” “Frozinone”nin yarımmüdafiəçisi Daniel Bolokanı da heyətinə qatıb. 24 yaşlı italyan futbolçu ilə müqavilənin müddəti və transferin digər detalları açıqlanmayıb. Amma eyni vaxtda “Sassuolo”nun üç gənc futbolçusu – Abdu Harrui, Stefano Turati və Rikkardo Markissa da “Frozione”yə keçib. Turati yeni klubu ilə 2, Harrui ilə Markissa isə 3 illik müqaviləyə imza atıb. İtaliya mətbuatı “Sassuolo”nun bu üç oyunçunu “Frozinone”yə məhz Bolokanın transferi qarşılığında verdiyini bildirir.

Daniel Boloka 2020-ci ildən oynadığı “Frozinone”də 82 oyuna 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub. 24 yaşlı italyan yarımmüdafiəçi “Fossano”, “Françavilla”, “Romaneze”, “Tatran” kimi klubların da formasını geyinib.

“Frozinone”də 3 yeni futbolçu, 1 ayrılıq

Abdu Harrui “Sassuolo”ya 2021-ci ilin yayında gəlmişdi və bu komandada 48 oyuna 3 qol vurub. Niderland və Mərakeş vətəndaşlığına malik 25 yaşlı yarımmüdafiəçi “Sparta” (Rotterdam) klubunda da forma geyinib.

“Sassuolo”nun öz yetirməsi olan Stefano Turati əsas komandada cəmi 2 oyuna çıxıb. 21 yaşlı italyan qapıçı 2022-ci ildə “Frozinone”də icarədə oynayıb. O, “Renate” və “Recina”da da forma geyinib, İtaliyanın gənclərdən ibarət müxtəlif yığmalarında oynayıb.

Rikkardo Markissa isə “Roma”nın yetirməsidir. 25 yaşlı müdafiəçi 2017-ci ildən formasını geyindiyi “Sassuolo”da 48 oyun keçirib, 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Spetsiya”, “Empoli”, “Krotone”, “Avellino” kimi klublarda da forma geyinib.

Yeri gəlmişkən, “Frozinone”nin hücumçusu Roberto İnsinye də “Palermo”ya transfer olunub. 29 yaşlı italyan forvard yeni klubu ilə 3 illik müqavilə bağlayıb. O, ötən ilin yayında üz tutduğu “Frozinone”də 31 oyun keçirib, 8 qol və 2 assist müəllifi olub. Təcrübəli hücumçu “Benevento”, “Avellino”, “Recina”, “Parma”, “Latina”, “Peruca” və “Napoli”də də oynayıb. İnsinye İtaliyanın gənclərdən ibarət yığmalarında da forma geyinib.

“Sassuolo” isə gənc yarımmüdafiəçisi Rikkardo Syervonu da “Südtirol”a icarəyə verib. O, qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. 21 yaşlı sol cinah vingeri “Roma”nın yetirməsidir. O, “Sampdoriya”, “Venesiya”, “Frozinone” kimi klublarda oynasa da, “Sassuolo”nun əsas komandasında forma geyinməyib.