Maurisio Pelleqrino La Liqa klubunda – Rəsmi

Argentinalı futbol mütəxəssisi Maurisio Pelleqrino İspaniyanın “Kadis” komandasının yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

52 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilə bağlanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Serxio Qonsalesi əvəz edib.

Qonsales 2022-ci ilin yanvar ayından “Kadis”ə rəhbərlik edirdi. İspan mütəxəssis bu komandanı bütövlükdə 81 oyuna çıxarıb. La Liqa təmsilçisi bu görüşlərdə 20 qələbə qazanıb, 28 heç-heçə edib və 33 məğlubiyyətə üzülüb. Lakin komandanın cari mövsümdəki uğursuz çıxışı onun istefasına gətirib çıxarıb.

“Kadis” İspaniya La Liqasında 21 turdan sonra 15 xalla 18-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə cəmi 2 qələbə qazanıb, 9 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Maurisio Pelleqrino son olaraq “Universidad de Çili” komandasına rəhbərlik edib. O, sözügedən klubdan 2023-cü ilin dekabrında ayrılmışdı. Pelleqrino daha əvvəl “Veles Sarsfild”, “Leqanes”, “Sauthempton”, “Alaves”, “İndependyente”, “Estudiantes” və “Valensiya” kimi komandalara da rəhbərlik edib. Mütəxəssis həmçinin “Liverpul” və “İnter”də ispaniyalı mütəxəssis Rafael Benitesin köməkçisi olub.