Argentinalı mütəxəssis Maurisio Poçettino İngiltərənin “Çelsi” komandasının yeni baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
51 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. O, bu postda Frenk Lempardı əvəz edib.
Xatırladaq ki, Maurisio Poçettino son olaraq 2021/2022 mövsümündə Fransanın PSJ komandasını çalışdırıb. O, 2022-ci ilin iyul ayında Paris təmsilçisini tərk edəndən bəri işsiz idi. PSJ Poçettinonun rəhbərliyi altında 84 oyun keçirib, 56 qələbə qazanıb, 13 heç-heçə edib və 15 məğlubiyyətə üzülüb. O, bu komandanı Fransa çempionu etsə də, klub rəhbərliyi tərəfindən istefaya göndərilmiş, əvəzində Kristof Qaltye ilə müqavilə imzalanmışdı.
Poçettino daha öncə İngiltərədə “Tottenhem” və “Sauthempton”a da rəhbərlik edib. O, “Sauthempton”u 2013-2014-cü illər ərzində 60 oyuna çıxarıb – 23 qələbə, 18 heç-heçə, 19 məğlubiyyət.
Təcrübəli məşqçinin “Tottenhem” fəaliyyəti daha uzun sürüb. O, 2014-2019-cu illər aralığında London təmsilçisini 293 oyuna çıxarıb – 160 qələbə, 60 heç-heçə, 73 məğlubiyyət.
Poçettinonun baş məşqçi kimi ilk sınağı isə İspaniyanın “Espanyol” komandaısnda olub. O, 2009-2012-ci illər aralığında Kataloniya təmsilçisini 161 oyuna çıxarıb – 53 qələbə, 38 heç-heçə, 70 məğlubiyyət.
Sonda onu da xatırladaq ki, “Çelsi” İngiltərə Premyer Liqasında 2022/2023 mövsümünü çox uğursuz keçirib. Klub həm mövsümün əvvəlində, həm də qış transfer pəncərəsində transferlərə külli miqdarda pul xərcləsə də, komandanın nəticələri tamamilə bərbad olub. Nəticə etibarilə “zadəganlar” mövsümü cəmi 44 xalla 12-ci sırada, avrokuboklara vəsiqəsiz başa vurublar.