“Latsio”nun baş məşqçisi Maurisio Sarri Çempionlar Liqası 1/8 final mərhələsinin ilk oyununda “Bayern” üzərində qələbəsini (1:0) şərh edib.
Arena.az “TMW Radio”ya istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Avropanın ən güclü komandalarından birini məğlub etdiyimiz üçün məmnunluğum var, həm də məyusluğum, çünki hesab daha böyük ola bilərdi. Komandanın yığcamlığı və ruhu xoşuma gəldi, bir beyinlə hərəkət etdik, bu isə vacibdir. Bilirdik ki, çətin anlar olacaq, həm də fürsətlərdən istifadə etdik.
Biz təzyiq xəttimizi aşağı salmaq qərarına gəldik, amma bəzən bizi çox dərinə saldılar. “Bayern” çoxlu oyunçu ilə hücum edir, amma biz topu itirəndə onlar bizə əks-hücumlar üçün məkan verə bilərlər” deyə Maurisio Sarri vacin məqama diqqət yönəldib.
Xatırladaq ki, cavab oyunu martın 5-də Münhendə keçiriləcək. Cütün qalibi 1/4 final mərhələsinə vəsiqə qazanacaq.