Mauritsio Sarri çalışdırmaq istədiyi komandanın adını açıqladı

İtalyan mütəxəssis Mauritsio Sarri məşqçilik karyerasında çalışdırmaq istədiyi komanda haqqında söhbət açıb.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Boka Xuniors”un baş məşqçisi olmaq mənim üçün bir arzu olardı. Bu, mənim üçün çılğın bir xəyaldır və bunun mümkün olub-olmadığını bilmirəm, amma karyeramda bir gün bu klubda özümü sınamaq fürsətinə malik olmağı çox istərdim. Bu, əla olardı”, deyə Sarri vurğulayıb.

Qeyd edək ki, “Boka Xuniors”a hazırda Dieqo Martines rəhbərlik edir. Argentinalı 45 yaşlı mütəxəssis 2024-cü ilin yanvar ayından bu klubda baş məşqçi kimi çalışır. O, Argentina nəhəngini indiyə qədər 42 oyuna çıxarıb – 21 qələbə, 13 heç-heçə və 8 məğlubiyyət.

Xatırladaq ki, Mauritsio Sarri cari ilin martın 13-də 2021-ci ilin iyunundan çalışdırdığı “Latsio”nun sükanı arxasından istefa verib. 65 yaşlı mütəxəssis “qartallar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi. İtalyan mütəxəssisin bu qərarında pərdəarxası məqamların olduğu bildirilir.

Sarrinin “Latsio”nun sükanı arxasında ümumi mənzərəsi belədir: 137 oyun, 65 qələbə, 30 heç-heçə, 42 məğlubiyyət. Sarrinin rəhbərliyi altında “qartallar” 204 qol vurublar, 159 qol buraxıblar.

“Latsio”ya qədər Sarri “Yuventus”, “Çelsi”, “Napoli”, “Empoli”, “Sorrento”, “Alessandriya”, “Qrosseto”, “Peruca”, “Verona”, “Avellino”, “Aresso”, “Peskara”, “Sancovanneze”, “Sansovino” ilə işləyib.