“Latsio”nun baş məşqçisi Mauritsio Sarri komandasının həddən artıq yüklənmiş təqvimindən narazılığı bir daha ifadə edib.
Arena.az “Sky Sport Italia”ya istinadən Sarrinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Təqvimlə bağlı vəziyyət dəyişməsə, məşqçiliyi dayandıracağam – belə futbol mənim ürəyimcə deyil. Səhərlər yuxudan oyananda mən hətta növbəti oyunumuzu kiminlə keçirəcəyimizə də baxmıram. Oyunlar çox tez-tez keçirilir, heyəti daim rotasiya etmək gərəkdir”, deyə Sarri narazılığı aşkar şəkildə bildirib.
Xatırladaq ki, sentyabrın 30-da İtaliya A Seriyasının 7-ci turu çərçivəsində “Latsio” “Milan”ın qonağı olub və 0:2 hesabı ilə məğlub olub. Hazırda paytaxt təmsilçisi 7 turdan sonra 7 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Bu gün, oktyabrın 4-də Sarrinin yetirmələri Çempionlar Liqasının 2-ci turu çərçivəsində səfərdə “Seltik”in qonağı olacaqlar.
Daha öncə Mauritsio Sarri təqvimlə bağlı narazılığını ifadə edərkən, İtaliya A Seriyanın rəhəbərliyini və UEFA-nı “quldur yığını” adlandırmışdı.