Futbol üzrə Argentina milli komandasının hücumçusu Mauro İkardi Türkiyənin “Qalatasaray” klubunun tarixinə düşüb. Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu İstanbul təmsilçisinin NEF stadionunda vurduğu 600-cü qolun müəllifi olub.
Təcrübəli forvard buna Türkiyə Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Başakşəhər”ə qarşı keçirdikləri oyunda nail olub. O, bu görüşün 51-ci dəqiqəsində fərqlənib. İkardi komandasının 2-ci qoluna imza atıb.
Beş qolun qeydə alındığı “Qalatasaray” – “Başakşəhər” matçı qonaq komandanın 3:2 hesablı qələbəsiylə yekunlaşıb. Nəticədə İkardinin komandası kubokda mübarizəni dayandırıb.
Yeri gəlmişkən, “Qalatasaray” bu oyunda cari mövsüm bir ilki də yaşayıb. Belə ki, Okan Burukun rəhbərlik etdiyi kollektiv bu mövsüm ilk dəfə bir oyunda qapısından 3 top buraxıb.
Xatırladaq ki, Mauro İkardi müqavilə ilə Fransanın PSJ klubuna məxsusdur. O, “Qalatasaray”da icarə əsasında çıxış edir. Argentinalı hücumçunun Türkiyə klubu ilə icarə müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulub. O, İstanbul təmsilçisində indiyə qədər 17 matça çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. İkardi PSJ-də keçirdiyi 92 oyunda da 38 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu İtaliyanın “İnter” (219 oyun, 124 qol, 29 assist) və “Sampdoriya” (33 oyun, 11 qol və 4 assist) komandalarında da oynayıb.
İkardi Argentina milli komandasında da 8 matç keçirib. Uzun müddətdir yığmaya dəvət almayan futbolçu bu görüşlərdə cəmi 1 qol vurub.


