Mayk Menyan AÇ-2024-dən kənarda qala bilər

“Milan”ın və Fransa yığmasının qapıçısı Mayk Menyan barmağından kiçik zədə aldığı üçün 2024-cü il Avropa çempionatını buraxa bilər.

Arena.az xəbər verir ki, futbolçunun sol əlinin kiçik barmağı çıxıb.

İlkin müayinələr sınıq ehtimalının istisna edildiyini göstərib. Menyan bir həftə ərzində zədəsinin vəziyyətini və Avropa çempionatına hazırlığını müəyyən edəcək növbəti müayinələr aparılana qədər breket taxmalı olacaq.

Mayk Menyan PSJ-nin yetirməsidir. 2010/2011 mövsümündə Fransa nəhənginin heyətində böyük futbola qədər qoymuş Menyan, 2015-ci ilin avqustunda “Lill”ə transfer edilib. Fransalı qapıçı “Milan”a 2021-ci ilin iyulunda 15,4 milyon avro müqabilində elə, “Lill”dən keçib. Qapıçının “rossoneri” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Menyan “Milan”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 52 qol buraxıb, 15 oyunda qapısının toxunulmazlığını təmin edib. Həmçinin Mayk 1 məhsuldar ötürmənin müəllifi olub.

Ümumilikdə Menyanın “rossoneri”nin heyətində çıxış mənzərəsi belədir: 110 oyun, 111 buraxılmış qol, 44 “quru” oyun.

Menyan “Lill” və “Milan”la milli çempionatların qalibi olub (müvafiq olaraq 2020/2021 və 2021/2022 mövsümlərində).

Mayk Menyan 2020-ci ilin oktyabrında debüt etdiyi Fransa yığmasının heyətində 14 oyuna çıxıb, 9 qol buraxıb və 7 oyundan “quru” qurtulub. Mayk Fransanın əsas yığmasına qədər U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətindən keçməklə, 10 illik yol gəlib. Menyan “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı qapıçının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.