Maykl Amir Murilyo Marsel “Olimpik”ində

Futbol üzrə Panama yığmasının və Belçikanın “Anderlext” klubunun sağ cinah müdafiəçisi Maykl Amir Murilyo Marsel “Olimpik”inə keçib.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

27 yaşlı futbolçu Fransa klubu ilə 3 illik müqaviləyə imza atıb. Marsel təmsilçisi onun transferi üçün 2,5 milyon avrosundan keçib.

Maykl Amir Murilyo 2020-ci ildən formasını geyindiyi “Anderlext”də 134 oyuna 14 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Nyu York Red Bullz”, “San Fransisko” kimi klubların da uğurları üçün çalışıb, Panama yığmasında 65 oyuna 6 qol vurub.

Marsel “Olimpik”i hücumameyilli yarımmüdafiəçisi Ruslan Malinovskini isə “Cenoa”ya icarəyə verib. İtaliya klubu 30 yaşlı ukraynalını mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Fransa komandasında 23 oyuna 2 qol və 1 assistlə yadda qalmış futbolçu, “Şaxtyor” (Donetsk), “Sevastopol”, “Zarya”, “Genk”, “Atalanta” kimi klublarda da forma geyinib. O, Ukrayna yığmasında da 55 oyun keçirib, 7 qol vurub.

Malinovskini gətirən “Cenoa” üç futbolçusu ilə də yollarını ayırıb. 27 yaşlı sağ cinah vingeri Vittorio Paricini “Feralpisalo”ya keçib. İtalyan futbolçu yeni klubu ilə 1 illik anlaşıb. Hücumçu Massimo Koda (34 yaş) “Kremone”zeyə, sol cinah müdafiəçisi Marko Payaç (30 yaş) isə “Recciana”ya keçib. Onlar mövsümün sonuna kimi icarəyə veriliblər.

Marsel “Olimpik”i sağ cinah müdafiəçisi Pol Lirolanı da İtaliyanın “Frozinone” klubuna icarəyə verib. 26 yaşlı ispan mövsümün sonuna kimi icarədə olacaq.

“Frozinone” “Yuventus”un hücumçusu Kayo Jorjeni də icarəyə götürüb. “Qoca sinyora” 21 yaşlı forvardı “sarı-göylər”ə bir mövsümlük icarəyə verib. “Yuventus”da 11 oyuna çıxmış braziliyalı 2021-ci ildə “Santos”dan Turin klubuna keçib.

“Frozinone” “Fiorentina”nın qapıçısı Mikele Serofolinini də heyətinə qatıb. 24 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalanıb.

“Fiorentina”nın hücumçusu Qabriele Qori isə “Avellino”ya keçib. 24 yaşlı italyan futbolçu da yeni klubu ilə 3 illik müqavilə bağlayıb.