Maykl Essyen Rahid Əmirquliyev haqda: “Həzz alırdım”

“Səbail”in Qanadan olan sabiq futbolçusu Maykl Essyen karyerasını başa vuran Rahid Əmirquliyev haqqında fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, 41 yaşlı veteran yarımmüdafiəçi “Səbail”in mətbuat xidmətinə açıqlamasında keçmiş komanda yoldaşına müraciət edib:

“Salam, Rahid. Karyeranı bitirməyin barədə məlumat aldım. Sənə uğurlar arzulamaq üçün kiçik bir video hazırladım. Səninlə oynamaqdan həzz alırdım. Sənə hər şeyin ən yaxşısını arzu edirəm. Görüşənədək”.

Xatırladaq ki, Maykl Essyen 2019-cu ildə “Səbail”də forma geyinib. Rahid Əmirquliyev isə 2018-ci ildən bu klubun uğurları üçün çalışırdı və ötən gün karyerasını başa vurduğu rəsmən açıqlandı.

Yeri gəlmişkən, Rahidin karyerasını başa vurması ilə əlaqədar Azərbaycandan olan keçmiş komanda yoldaşları da “Səbail”in mətbuat xidmətinə açıqlamalar veriblər. Onları da diqqətinizə çatdırırıq:

Ağabala Ramazanov: “Rahid mənim ən yaxınlarımdan biridir. Həm futbolçu kimi, həm də futboldan kənarda ədəb-ərkanı ilə seçilən biridir. Komanda daxilində də böyüklə böyük, kiçiklə kiçik kimi rəftar edir. Gələcək futbol ictimaiyyəti üçün Rahid bir nümunədir”.

Əfran İsmayilov: “Telefonumda adını “Rahid Legenda” kimi qeyd etmişəm. O, Azərbaycan futbolunun əfsanəsidir. Həm insan, həm də idmançı kimi nümunəvi şəxsiyyətdir. Səmimi, mehriban və peşəkardır. Rahid hazırda istənilən insan üçün nümunədir. Azərbaycan futbol tarixinin vacib hissəsidir. Əminəm ki, o, istənilən şəkildə Azərbaycan futboluna hələ çox xeyir verəcək! Ona uğurlar arzulayıram!”

Rauf Əliyev: “Rahidlə həm “Xəzər Lənkəran”da, həm milli komandada, həm də “Səbail”də birlikdə oynamışıq. Sakit və mülayim insandır, eyni zamanda da mübarizdir, yüksək səviyyəli, peşəkardır. Nümunəvi insandır. Ona uğurlar arzulayıram”.

Şəhriyar Rəhimov: “Rahid elə bir insandır ki, onun haqqında çox danışmaq olar. Çox böyük karyeraya malik bir futbolçudur, böyük naliyyətlər qazanıb. Uzun müddət milli komandanın şərəfini layiqincə qoruyub. Hər şeyin bir sonu olduğu kimi, futbolçu karyerasının da sonu gəldi. Ona gələcəkdə müvəffəqiyyət və uğurlar arzulayıram. Əminəm ki, istənilən sahədə uğur qazanacaq”.

Emil Balayev: “Fərqi yoxdur, sənə qarşı və yaxud səninlə birlikdə – Rahid hər zaman layiqli rəqib, etibarlı komanda yoldaşı və güvənli kapitan olub”.