Almaniyanın “Maynts” klubu Fələstinə dəstəyə görə cəzalandırdığı ərəbəsilli futbolçusu Ənvər Əl-Qazi ilə bağlı qərarını dəyişib.
Arena.az məlumat verir ki, Bundesliqa təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə açıqlama yayıb.
“Maynts” iki həftə öncə sosial şəbəkə hesabında Fələstinə dəstək dərcinə görə klubun holland cinah oyunçusu Ənvər Əl-Qazini məşq və oyunlardan kənarlaşdırmağa qərar vermişdi. 28 yaşlı futbolçu bu müddətdə məşq və matçlara buraxılmırdı.
Əl-Qazinin paylaşmasında “Fələstin çaydan dənizə qədər azad olmalıdır”, – yazılmışdı ki, bu da İsrailin dövlət olaraq mövcud olmaması deməkdir. O, münaqişə qurbanlarına başsağlığı verdikdən sonra mesajını silmişdi.
Tərəflər arasında aparılan danışıqlar nəticəsində problem həllini tapıb. Futbolçu artıq məşqlərə qayıdıb və oyunlarda da iştirak edə biləcək.
Xatırladaq ki, Ənvər Əl-Qazi bu ilin sentyabr ayından “Maynts”ın uğurları üçün çalışır. O, Bundesliqa təmsilçisində cəmi 3 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.
Yarımmüdafiəçi əvvəllər “Aston Villa”, “Ayaks”, “Lill”, PSV və “Everton” kimi klublarda da forma geyinib. O, Niderland milli komandasında da 2 oyun keçirib.