“Maynts” Ənvər Əl-Qazi ilə vidalaşdı – Fələstinə dəstəyə görə

Bundesliqa təmsilçisi “Maynts” komandanın mərakeşəsilli hollandiyalı sağ vingeri Ənvər Əl-Qazi ilə müqaviləsinə xitam verib.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Xatırladaq ki, “Maynts” Əl-Qazini, İsraillə münaqişədə Fələstini dəstəkləyən paylaşmalarına cavab olaraq klubdan qovub.
Futbolçunun müqaviləsinə xitam verilməsi noyabrın 3-də qüvvəyə minib.

“Bu tədbirlə klub futbolçunun açıqlamalarına və sosial şəbəkələrdəki paylaşmalarına cavab verir”, – Almaniya təmsilçisi rəsmi saytında öz mövqeyini açıqlayıb.

Xatırladaq ki, Ənvər Əl-Qazinin Fələstinə dəstək üçün ikinci dərcindən sonra komanda ilə məşqləri dayandırması barədə daha əvvəl məlumat yayılmışdı. Noyabrın 1-də Əl-Qazi Fələstinə dəstək üçün ikinci yazı dərc edib və burada əvvəlki bəyanatına görə üzr istəmədiyini açıqlayıb. Hətta bundan əvvəl Əl-Qazi Fələstinə dəstək üçün daha bir yazı dərc etmişdi. Futbolçunun paylaşmasında deyilirdi ki, “Fələstin çaydan dənizə qədər azad olmalıdır” – bu, İsrailin dövlət olaraq mövcud olmaması demək idi.

Ənvər Əl-Qazi özünün sosial şəbəkə hesabı üzərindən “Maynts”ın bu tədbirinə münasibətini bildirib:

“Tək qalmaq olsa belə, doğru-düzgün olanı müdafiə etməyə israrlı olun. Mənim dolanışığım Qəzzada günahsız və müdafiəsiz insanların başına açılan cəhənnəmlə müqayisədə heç bir şey deyil. Qətlləri dayandırın”, deyə Əl-Qazi yenidən çağırış edib.

Bu arada Almaniyanın Koblents şəhərinin Baş Prokurorluğu dərclərində İsraillə münaqişədə Fələstinə dəstək verən Əl-Qazi barəsində məhkəmə işinə başlayıb. Koblents Baş Prokurorluğunun yaydığı açıqlamada bunlar qeyd olunub: “Bizim qiymətləndirməmizə görə, təqsirləndirilən şəxsə münasibətdə, ictimai asayişi pozmaq yolu ilə cinayət əməllərini təsdiqləməklə vəhdətdə məzmun yaymaq yolu ilə nifrətin qızışdırılmasında ilkin şübhələr var”.

Əl-Qazi “Maynts”a cari ilin sentyabrında azad agent qismində qoşulmuşdu. O, “karnavalçılar”ın heyətində 3 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.

Əl-Qazi buna qədər PSV, “Everton”, “Aston Villa”, “Lill”, “Ayaks” klublarında çıxış edib. O, PSV ilə Niderland Kubokunu (2022/2023) və Niderland Super Kubokubu (2024) qazanıb.

Ənvər Əl-Qazi 2015-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 2 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı Ənvər Əl-Qazini 3 milyon avro məbləğində qiymətləndirir.