“Maynts” azad agent statusu daşıyan 2 futbolçu ilə gücləndi

Futbol üzrə Fransa yığmasının və “Volfsburq”un sabiq dayaq yarımmüdafiəçisi Jozua Gilavoqi bundan sonra “Maynts”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

Əslən Qvineyadan olan 33 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub və 1+1 illik müqaviləyə imza atıb.

Jozua Gilavoqi 2014-cü ildən formasını geyindiyi “Volfsburq”u bu ilin yayında azad agent kimi tərk etmişdi. O, bu komandada 265 oyun keçirib, 12 qol və 6 məhsuldar ötürmə müəllifi olub. “Sent Etyen”, “Bordo” və “Atletiko” (Madrid) kimi klublarda da forma geyinmiş yarımmüdafiəçi Fransa millisində 7 oyun keçirib.

“Maynts” “Aston Villa”nın keçmiş hücumçusu Ənvər Əl-Qazi ilə də müqavilə bağlayıb. Niderlanddan olan 28 yaşlı futbolçu ilə müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. O, komandaya azad agent kimi qoşulub.

Ənvər Əl-Qazi ötən mövsümü Niderlandın PSV klubunda keçirib. O, bu komandanın heyətində 32 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. “Aayaks”ın yetirməsi olan futbolçu “Lill” və “Everton”da da forma geyinib. O, Niderland milli komandasında da 2 matç keçirib.

Xatırladaq ki, “Maynts” Almaniya Bundesliqasında 2023/2024 mövsümünə çox uğursuz başlayıb. Sözügedən komanda cari mövsümdə 5 oyuna cəmi 1 xal toplayıb. Elita təmsilçisi cəmi 1 heç-heçəyə nail olduğu halda 4 oyundan məğlub ayrılıb. Bu üzdən də klub rəhbərliyi hazırda azad agent statusuna malik futbolçularla heyəti mümkün qədər gücləndirməyə çalışır.