“Maynts” fransız hücumçu üçün 6 milyon avro ödədi

Almaniya Bundesliqasında mübarizə aparan “Maynts” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, elita təmsilçisi Fransanın “Strasburq” klubundan hücumçu Lüdovik Ajorku transfer edib.

Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər davam edəcək müqavilə imzalanıb. “Maynts” bu transfer üçün “Strasburq”a 6 milyon avro ödəyib.

Lüdovik Ajork Fransanın “Anje” klubunun yetirməsidir. O, “Strasburq”a qədər “Le Puare Sur Vi”, “Luçon” və “Klermon” komandalarının da formasını geyinib. Fransız forvard 2018-ci ilin iyul ayından “Strasburq”un uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 151 oyunda 51 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.