“Maynts” və “Nitsa” Fələstinə dəstəyə görə futbolçuları cəzalandırdı

Almaniyanın “Maynts” və Fransanın “Nitsa” klubları Fəlsətinə dəstəyə görə ərəbəsilli futbolçularını cəzalandırıblar.

Arena.az məlumat verir ki, “Maynts” Fələstinə dəstək dərcinə görə klubun holland cinah oyunçusu Ənvər Əl-Qazini məşq və oyunlardan kənarlaşdırmaq qərarına gəlib.

Əl-Qazinin paylaşmasında “Fələstin çaydan dənizə qədər azad olmalıdır”, – yazılıb ki, bu da İsrailin dövlət olaraq mövcud olmaması deməkdir.

“Maynts” rəsmi saytında bu xüsusda müvafiq bəyanat dərc edib:

“Maynts” Ənvər Əl-Qazini məşq və oyunlardan kənarlaşdırır. Bu qərar 28 yaşlı gəncin bazar günü axşam saatlarında sosial şəbəkədə yerləşdirdiyi silinmiş paylaşmasına cavab olaraq qəbul edilib. Əl-Qazi Yaxın Şərqdəki münaqişə ilə bağlı, kluba qarşı dözümsüz mövqe tutub. Buraxılışdan əvvəl direktorlar şurası ilə oyunçu arasında ətraflı müzakirə aparılıb.

“Maynts” Yaxın Şərqdə bir neçə onilliklərdir davam edən mürəkkəb münaqişə ilə bağlı müxtəlif baxışların olduğunu qəbul edir, lakin klub, bizim dəyərlərimizi əks etdirmədiyi üçün yazının məzmunundan məsafə saxlayır”, – “Maynts”ın rəsmi bəyanatında deyilir.

Bu arada, Fransanın “Nitsa” klubunun da müvafiq məsələ ilə əlaqədar komandanın müdafiəçisi Yusef Atalı növbəti bildirişə qədər məşq və oyunlardan kənarlaşdırmaq haqda qərar qəbul edib.

“Yusef Atal oktyabrın 9-dan bəri heyətində olduğu Əlcəzair yığmasından qayıdan kimi “Nitsa” direktorları onunla söhbət etmək üçün əlaqə saxlayıblar.

Klub anlayır ki, futbolçu dərcini tez silməklə və yazılı şəkildə ictimaiyyətdən üzr istəməklə səhvini etiraf edib. Bununla belə, dərcin xüsusiyyətini və onun ciddiliyini nəzərə alaraq, klub idman və hüquqi orqanlar tərəfindən görülə biləcək hər hansı bir tədbirə qədər futbolçuya qarşı dərhal intizam tədbiri görmək qərarına gəlib. Buna görə də klub Yusef Atalı növbəti bildirişə qədər kənarlaşdırmaq qərarına gəlib.

Qeyd etmək istərdik ki, “Nitsa”nın nüfuzu və birliyi bütün işçilərinin davranışının nəticəsidir və bu, qurumun təbliğ etdiyi dəyərlərə uyğun olmalıdır. Klub sülhün bütün digər mülahizələrdən üstün olmasını təmin etmək üçün güclü öhdəliyini bir daha təsdiqləyir”, – “Nitsa”nın rəsmi bəyanatında deyilir.