M’bala Nzola yığmaya getməmək üçün səbəb tapdı

“Fiorentina”nın və Anqola yığmasının mərkəz hücumçusu M’bala Nzola milli komandanın düşərgəsinə getməmək üçün səbəb tapıb.

Arena.az Anqola Futbol Federasiyasına (FAF) istinadən məlumat verir ki, Nzola “ailə vəziyyəti” səbəbi ilə yığmanın Afrika Millətlər Kubokunda iştirak edəcək heyətindən çıxarılıb:

“Anlaşılan ailə səbəblərinə görə hücumçu M’bala Nzola Anqola millisinə çağırılmaqdan azad edilib. “Fiorentina”nın oyunçusunu “Atletiko Petroleos”un hücumçusu Deyvi Migel əvəz edəcək”, – Anqola milli komandasının açıqlamasında bildirilir.

Xatırladaq ki, daha əvvəl, Nzola bu həftənin şənbə gününə qədər yığma komandanın heyətində iştirak etməmək istəyinə tutarlı əsas gətirməli və yekun qərarını verməli idi. Bunu etməsə, Anqola Futbol Federasiyasının özündən sanksiyalar və cəzadan əlavə, oyunçuya qarşı daha ciddi tədbirlər görməyə qadir olan FIFA-nın bu işlə bağlı məsələyə qarışa biləcəyi vurğulanırdı.

Xatırladaq ki, 2024-cü il Afrika Millətlər Kuboku yanvarın 13-dən fevralın 11-dək Kot-d’İvuarda keçiriləcək.

Nzola “Fiorentina”ya cari ilin avqustunda 12,60 milyon avro qarşılığında “Spetsiya”dan keçib. Anqolalı hücumçunun “Fiorentina” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Nzola “bənövşələr”in heyətində 24 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

Nzola 2021-ci ilin martında debüt etdiyi Anqola yığmasının heyətində 6 oyun keçirib, 2 qol vurub.

“Transfermarkt” interenet-portalı 27 yaşlı anqolalı mərkəz hücumçusunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.