Mbappe haqda mətbuat bir söz, Ançelotti başqa söz dedi

“Real”ın, fransalı ulduz hücumçu Kilian Mbappe transferinə görə peşman olduğu haqda nüfuzlu mənbə məlumat yayıb.

Arena.az məlumat verir ki, bu barədə BBC və “New York Times” dərgilərində çalışan jurnalist Romen Molina şəxsən bildirib:

“Onlar (“Real”) onu dəvət etdiklərinə görə peşmandırlar. Mən buna zəmanət verirəm. Mənə bu barədə qeyd-şərtsiz danışıblar.

Peres həmişə ulduz futbolçuları sevib. Onun Mbappe ilə ailə münasibətləri yaranıb. Amma klubda Mbappenin imzalanmasından pərişan olublar, birincisi, onun çıxışlarının səviyyəsinə görə, o, gözləntiləri heç də doğrultmur. İkincisi, indi də paltardəyişmə otağında ab-hava yaxşı deyil. Baxmayaraq ki, bunda Kilianın təqsiri olmaya bilər.

Məncə, “Real” böyük səhv etdi. Onun mövsümöncəsi məşq hazırlığı yox idi, o, Bellingemdən fərqli olaraq dərhal rəsmi oyunlarda oynamağa başladı”, – “Daily Mail” nəşri “Colinterview” dərgisinə istinadən, Romen Molinadan sitat gətirir.

Məlum olduğu kimi, Kilian Mbappe Stokholm otellərindən birində zorlama ittihamı ilə bağlı qalmaqalın mərkəzindədir. Hazırda İsveç polisi fransalı ulduz hücumçuya qarşı daxil olmuş şikayət əsasında təhqiqat aparır.

Bu arada, “RMC Sport” dərgisi “Ekip” nəşrinə istinadən, Mbappenin Stokholm səfərində eyş-işrətə 100 milyon avro məbləğində pul-para tökdüyü haqda məlumat yayılıb. Kilian İsveçdə beş gün keçirib. Fransalı ulduzun gecə klubunda əyləndiyi və orada tanış olduğu qadınla cinsi münasibətdə olduğu bildirilir.

“Real”ın baş məşqçisi Karlo Ançelotti Mbappenin cari vəziyyəti haqda məlumat verib:

“Onunla hər şey qaydasındadır. O, öz vəziyyətini yaxşılaşdırmaq üçün fasilədən istifadə edib. Kilian xoşbəxtdir, sabah qayıtmağını səbirsizliklə gözləyir və komanda üçün vacib olmaq istəyir. Bu 15 günlük fasilə (milli yığma komandaların oyunları üçün təqvimlə müəyyən edilmiş müddət – redaktorun qeydi) ona çox kömək etdi”, – “RMC Sport” dərgisi Mbappedən sitat gətirir.

Xatırladaq ki, bu gün, oktyabrın 19-da “Real” İspaniya La Liqasının 10-cu turu çərçivəsində səfərdə “Selta” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Adı ilə bağlı bu qalmaqal mənzərəsində Kilian Mbappenin bu oyunda iştirakı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: