“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe “qaymaqlılar”ın xorvat yarımmüdafiəçisi Luka Modriçlə bağlı məlumatdan heyran olub.
Arena.az xatırladır ki, Modriç 28 qənimətlə “Real” tarixinin ən zəngin futbolçusudur.
25 yaşlı Mbappe 39 yaşlı Modriçlə bağlı müvafiq məlumatı öyrəndikdən sonra heyranlığını gizlədə bilməyib:
“Vay səni, onun, mənim yaşımdan çox qəniməti var”, deyə Mbappe FIFA Qitələrarası Kubokun “Paçkuka” ilə final oyunundan (3:0) sonra “qaymaqlılar”ın paltardəyişmə otağında dilə gəlib.
Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulub. Modriçin İspaniya nəhəngi müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Veteran futbolçu cari mövsümdə “Real” üçün bütün yarışlarda 24 oyun keçirib, 4 məhsuldar ötürmə verib.
Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 559 oyun, 39 qol, 90 məhsuldar ötürmə.
Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.
Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 184 oyuna çıxıb, 27 qol vurub, 29 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 39 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.