Futbol üzrə Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappe “xoruzlar”ın son oyunlardakı taktiki hazırlığından narazı qalıb.
Arena.az bu barədə “Ekip” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Fransa yığmasının UEFA Millətlər Liqası çərçivəsində Parisdə İtaliya yığmasına məğlubiyyətindən (1:3) sonra Kilian Mbappe paltardəyişmə otağında çıxış edərək, “xoruzlar”ın taktiki hazırlığının olmadığını car çəkib.
Vurğulanır ki, Kilian Mbappenin tənqidi nitqi ilk növbədə, fransız mütəxəssis Didye Deşamın rəhbərlik etdiyi məşqçilər qərargahına ünvanlanıb.
Nizam-intizama ciddi diqqət yetirən Deşamın Mbappenin bu yersiz “mollalığı” müqabilində müəyyən intizam tədbiri görəcəyi bildirilir.
Xatırladaq ki, UEFA Millətlər Liqası çərçivəsində keçirdiyi ikinci oyunda Fransa yığması Belçika kollektivini Lionda 2:0 hesabı ilə məğlub edib.
Hazırda, “xoruzlar” 2 turdan sonra A Liqasının 2-ci qrupunda 3 xalla 2-ci pillədə qərarlaşıblar.
Fransa yığması 3-cü tur çərçivəsində oktyabrın 10-da İsrail yığmasının qonağı olacaq.


