Mbappe qol fürsətlərini “batırmaqda” La Liqanın liderləri sırasında

“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe qol fürsətlərini boşa verməkdə İspaniya La Liqasının qabaqcılları arasındadır.

Arena.az bu barədə “OptaJose” dərgisinə istinadən məlumat verir.

Müvafiq statistikanın hesablanmasında vurulmuş qolların və gözlənilən qolların göstəriciləri nəzərə alınıb.

Beləliklə, İspaniya La Liqasının “çolaqlar”ının beşliyində Kilian Mbappe 2-ci pillədə yer alıb. Maraqlıdır ki, ilk beşlikdə yer almış futbolçulardan dördü Əndəlüs nəhəngləri – “Sevilya” və “Betis”i təmsil edirlər. İlk beşliyi diqqətinizə çatdırırıq:

  1. Ezzalzuli Abde (“Betis”) – -3,74 bal;
  2. Kilian Mbappe (“Real”) – -2,02 bal;
  3. Vitor Roke (“Betis”) – -1,89 bal
  4. İsaak Romero (“Sevilya”) – -1,67 bal;
  5. Keleçi İheanaço (“Sevilya”) – -1,42 bal.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 16 oyuna çıxıb, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun qalibi olub.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: