Mbappe: “Tam məsuliyyəti öz üzərimə götürürəm”

“Real”ın ulduz hücumçusu Kilian Mbappe La Liqanın 14-cü turunda Bilbao “Atletik”inə məğlubiyyətin məsuliyyətini öz üzərinə götürüb.

Arena.az xatırladır ki, fransalı futbolçu “qaymaqlılar”ın səfərdə 1:2 hesabı ilə məğlub olduqları oyunun 68-ci dəqiqəsində penaltini qola çevirə bilməyib.

“Pis nəticədir. Hər təfərrüatın vacib olduğu oyunda böyük bir səhv. Bunun üçün tam məsuliyyəti öz üzərimə götürürəm. Çətin məqamdır, amma vəziyyəti dəyişmək və kim olduğumu göstərmək üçün ən yaxşı vaxtdır”, – hücumçu özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.

Xatırladaq ki, bundan əvvəl Mbappe Çempionlar Liqasında “Liverpul”la qarşı səfər oyununda (0:2) penaltini qaçırmışdı.

Vurğulayaq ki, hər iki oyunda penalti fürsəti “Real” üçün açar məqam olub və tarazlığı əldən vermiş “qaymaqlılar” yekunda məğlubiyyətlə barışmalı olublar.

“Atletik”ə məğlubiyyət “Real”a sahib olduğu şərti lider mövqeyini itirməsi hesabına başa gəlib. La Liqada keçirdiyi 15 oyundan 33 xal toplamış “Real” yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Çempionata 16 oyundan 37 xalla “Barselona” başçılıq edir.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 20 oyuna çıxıb, 10 qol vurub, 2 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: